Rəqəmsal texnologiyalar ünsiyyətdən bankçılıq, alış-veriş və öyrənməyə qədər dünya ilə qarşılıqlı əlaqəmizi dəyişdirir. Yeniliklər daim qaydaları dəyişir, sahibkarlar üçün yeni imkanlar yaradır və müştəri məmnuniyyətini əsas hədəfə çevirir. Onlayn ticarət daha rahat və əlçatan olur, kiçik və böyük provayderlər üçün daha bərabər şərait yaradır.
BIM-in əsaslandırılması
Bir çox iqtisadi sektorlar rəqəmsallaşmadan təsirlənsə də, bu, bütün sektorlara aid deyil. Bu dəyişikliyə müqavimət göstərən sənayelərdən biri tikintidir. Tarixən tikinti sənayesi heç vaxt yenilik etməkdə sürətli olmayıb. Bütün digər iqtisadi sektorlarla müqayisədə tikinti sənayesində məhsuldarlıq daha yavaş artmışdır. 2004-cü ildə Stanford Universitetinin İnteqrasiya edilmiş Müəssisə Mühəndisliyi Mərkəzi tərəfindən aparılan bir araşdırma göstərdi ki, tikinti sənayesinin məhsuldarlığı 1964-2004-cü illər arasında təxminən 20% aşağı düşüb. Oxşar analoji göstəriciyə görə Almaniyanın tikinti sənayesinin məhsuldarlığı 1991-2015-ci illər arasında durğunlaşıb, Almaniyanın digər sənayelərində isə 70% artıb.
Tikinti sənayesi digər sənaye və ticarət sektorlarından çox tullantı istehsal edir. 2014-cü ildə hesablanmışdır ki, Avropa ittifaqında israf edilmiş material və resursların 33,5%-i tikinti sənayesinə aid edilirdi, halbuki bu, Avropa İttifaqının ümumi iqtisadi məhsulunun yalnız 5,4%-ni təşkil edib.
Bəs bu səmərəsizliyin səbəbləri nələrdir? Ehtimal oluna biləcək 3 səbəbdən danışaq:
1. Sənayenin parçalanması
Tikinti sənayesi getdikcə mürəkkəbləşir və parçalanır. Hər on ildən bir yeni alt sektorlar və ticarətlər yaranır. Layihə tələbləri getdikcə daha çox ixtisaslaşır və kommunikasiya prosesləri daha da çətinləşir. 10-dan az işçisi olan tikinti şirkələrinin əksəriyyəəti parçalanma nəticəsində yaranan məlumat çoxluğu ilə mübarizə aparmalı olurlar.
2. Manual, səmərəsiz və köhnəlmiş proseslər
Bizim layihələndirmə və tikinti metodlarımızın çoxu günümüz üçün köhnəlmiş və intibah dövründən qalmışdır. Eyni şey tikinti planı təqdim edildikdə ortaya çıxan sənədlərin kütləsinə də aiddir. Tikinti qaydaları, avadanlıq siyahıları, cədvəllər, istismar və texniki xidmət təlimatları, müqavilələr, çertyojlar və b. bürokratik sənədlər yığılıb qalır və bu struktursuzluqdan bir çox lazımsız işlər təkrarlanır, ya da yenidən işlənməli olur.
3. Texnologiyaya konservativ baxış
Tikinti sənayesi ümumiyyətlə mühafizəkardır və yeni texnologiyaları qəbul etmək istəmir. İstisnalar əlbəttə ki var, məsələn, polad konstruksiyasında rəqəmsal istehsal proseslərinin inkişafını (CAD-CAM) buna misal gətirmək olar. Lakin bu yeniliklər adətən nadirdir və bütöv sənaye-dəyər zəncirinə təsir göstərmir. Başqa sözlə, texnologiyaya belə konservativ baxış səmərəsiz və köhnəlmiş proseslərə gətirib çıxarır.
Bəs sənayenin parçalanması ilə necə mübarizə aparmaq lazımdır? və BIM burada hansı rolu oynayır?
Biz köhnəlmiş və səmərəsiz iş axınlarını yeni proseslərlə əvəz etməli, inteqrasiya olunmuş, rəqəmsal iş üsullarını təşviq etməliyik. İnqilaba gedən yol texnologiyalara əvvəlkindən fərqli baxmaq və istifadə etməkdən keçir. Bu rəqəmsal transformasiya üçün bizə lazım olan bir çox texnologiya artıq mövcuddur. Məsələn, bulud əsaslı IT prosesləri, mobil rəqəmsal rabitə cihazları, rəqəmsal istehsal üsulları və GPS ilə idarə olunan tikinti maşınları.
Comments