Tikinti/Bina Məlumat Modelləşdirməsi (BIM- Building information Modeling) inqilabı baş verdikdən sonra biz- memarlar, mühəndislər və inşaat mütəxəssisləri iş tərzimizi tamamilə yenidən düşünməyə, inteqrasiya etməyə başlamalı olduq. BIM bizə fərdi şəkildə deyil, birbaşa birlikdə işləməyə imkan verməklə yanaşı, bina və ya infrastrukturun fiziki və funksional aspektlərinin tam icmalını təqdim edən rəqəmsal təsvirini formalaşdırdı. BIM layihə komandalarına xərcləri dəqiq hesablamağa, material tullantılarını azaltmağa, planlaşdırmanı sadələşdirməyə, tikinti işlərini simulyasiya etməyə və struktur performansını optimallaşdırmağa imkan verən layihə idarəetmə vasitəsidir. Eyni zamanda, BIM müqavilələrin idarə edilməsini dəstəkləyən, tapşırıqlar verən və onların icrasına nəzarət edən, dəyişiklikləri və planları koordinasiya edən, bütövlükdə layihənin gedişatına nəzarət edən və sənədləşdirən mexanizmdir.
BIM mütəxəssisin professional bilik və bacarığını əvəz eləmir və çoxlarının qorxduğu kimi, memar, inşaatçı və mühəndis peşələrini təhdid etmir. Tikinti layihəsi elə əvvəlki qədər diqqət mərkəzindədir və layihənin uğuru bütün digər müvafiq amillərdən asılı olduğu kimi, iştirak edən, töhfəsini verən insanların səriştəsindən də asılıdır. Həmişə olduğu kimi, hələ uzun illər tikinti sənayesində yaxşı təlim keçmiş və təcrübəli mütəxəssislərə ehtiyacımız var və olacaq.
Bununla belə, BIM bizim iş tərzimizi dəyişir. Manual və gündəlik fəaliyyətlərin bir çoxu avtomatlaşdırılır, bəzi fəaliyyət növləri lazımsız olmağa başlayır, beləliklə, "İnformasiya meneceri", "BIM koordinatoru" və ya "BIM meneceri" kimi yeni peşə rolları yaranır. Lazımsız peşələr isə süqut etməlidir ki, vaxtımızı səmərəsiz keçirməyək. Peter Drucker deyir ki, heç edilməməli olan şeyi böyük məhsuldarlıqla etməkdən daha faydasız bir şey yoxdur. Dünya müasirləşir, köhnəlmiş texnologiyalar dəyişdirilir və rəqəmsal iş prosesini dəstəkləyən yeni standartlar və təlimatlar ortaya çıxır, yeni vizyon yaranır. BIM-in vizyonu bu gün tikinti sənayesində əksər şirkətlərin istifadə etdiyi imkanlardan kənara çıxır və onun vəd etdiyi tam potensiala çatması üçün hələ ortadan qaldırılmalı bir çox problemlər var. Əsas məsələ bu vizyonu praktiki gündəlik işimizlə necə birləşdirə biləcəyimizi və bu yolda qarşılaşacağımız maneələri necə həll edəcəyimizi tapmaqdır.
Test 🙃